23 Oktyabr 2018 11:56
1 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda özünü generalın qohumu kimi təqdim edərək vətəndaşların külli miqdarda pul və qızıllarını ələ keçirməkdə ittiham olunan Mazbura Əliyeva barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində Samir Məmmədovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.

Qərara görə, Mazbura Əliyevanın vəsatəti təmin olunmayıb.

Cinayət işi üzrə zərərçəkmiş Vüqar Bəkirov Teleqraf.com-a bildirib ki, Mazbura Əliyeva zərərçəkmişlərə dəymiş ziyanı ödəməkdən imtina edir. O, özünü təqsirli bilmir.

Qeyd edək ki, sentyabrın 29-da Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan qapalı iclasda müstəntiqin təqdimatı təmin olunub və Mazbura Əliyeva barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 26-da Nərimanov rayon Polis İdarəsi və 17-ci polis bölməsi əməkdaşları tərəfindən Mazbura Əliyeva tutulub.

Məlum olub ki, o, Vüqar Bəkirov, Zəminə Məhərrəmova, Aygün Kərimova, Elmira Məmmədova, Yeganə Tatanova, Atlas Əsədova və bir çox şəxsləri aldadıb.

Mazbura Əliyevanın zərərçəkmişlərə vurduğu ziyan 700 min manatdan çoxdur.

O, Əliyeva zərərçəkmişlərə özünü məşhur generallardan birinin yaxın qohumu kimi təqdim edib.

Mazbura Əliyeva paytaxtda lombard işi ilə məşğul olub. O, zərərçəkmişləri lombarda cəlb etməklə onların qızıllarını və pullarını ələ keçirdiyi qeyd olunur.

Məlumata görə, Mazbura Əliyeva zərərçəkmişlərdən biri Vüqar Bəkirova generalın vasitəsi ilə lombard sahəsində biznesini genişləndirəcəyini deyib.

Vüqar Bəkirov da ona inanıb və birlikdə lombard açmaq barədə razılaşıb.

Bu səbəbdən Vüqar Bəkirov Mazbura Əliyevaya qiyməti 500 min manatdan çox olan 35 ədəd iki karatlıq brilliant dəsti verib.

O, həmçinin qadına iş qurmaq üçün xeyli miqdarda pul da verib.

İstintaq orqanı tərəfindən Mazbura Əliyevanın barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham elan edilib.

Hazırda Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsində istintaq hərəkətləri davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər