Külli miqdarda dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə rejissor Arif Qazıyevin məhkəməyə teleqam göndərdiyi elan edilib.
O, səhhətində problem olduğu üçün məhkəməyə gələ bilmədiyini deyib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərib.
Hakim bildirib ki, Arif Qazıyevlə telefon əlaqəsi saxlanılıb, qızı Arif Qazıyevin insult keçirdiyini və yataqdan qalxa bilmədiyini deyib. Bundan sonra təqsirləndirilən şəxsin vəkili vəsatət verib. O, Arif Qazıyevin məhkəməyə məcburi gətirilməsini istəyib.
Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Növbəti proses noyabrın 5-də davam edəcək.
İttihama görə, Əziz Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, "ALFA LTD" şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib. İxtiyar Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb.
Xatırladaq ki, cinayət işində Azərbaycan televiziyasının rejissoru olmuş, keçmiş Muğam Teatrına rəhbərlik etmiş Arif Qazıyevin də adı şahid qismində keçir.