Bakının Qaradağ rayonunda anasını öldürməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Cəmil İslamovun barəsində yeni ittihamlar elan olunub.
Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Prokurorluğunda istintaqı aparılan Cəmil İslamova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.
İttihama görə, qətl hadisəsi bu ilin fevralın 25-də Ələt qəsəbəsində qeydə alınıb.
Qəsəbənin Əzməmmədov küçəsi, ev 12-də yaşayan 1944-cü il təvəllüdlü Zərnişan İslamova oğlu tərəfindən müxtəlif bədən xəsarətlərinə məruz qalıb. Yaşlı qadın təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Ancaq 74 yaşlı qadın xəsarətləri ağır olduğundan xəstəxanada dünyasını dəyişib.
Qaradağ rayon Polis İdarəsi 11-ci polis bölməsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Cəmil İslamov saxlanılıb.
İlkin dindirmələr zamanı 34 yaşlı oğul anasını yumruqla vurduğunu etiraf edib.
Həbs olunan zaman Cəmil İslamovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilmişdi.
Bu ilin sentyabrında Cəmil İslamovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı müstəntiqin vəsatətinə Qaradağ rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb.
Onun barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay uzadılıb.