Bakıda hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin avqustunda Sabunçu rayon Polis İdarəsinin əməkdaşları özünü polis əməkdaşı kimi təqdim edən şəxsləri həbs edib.
Araşdırma zamanı dörd nəfərdən ibarət olan dəstə üzvləri - Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin vətəndaşları hədələmək yolu ilə onlardan pul alması məlum olub.
Bu zaman onlar özlərini polis əməkdaşı kimi təqdim ediblər.
Həmin şəxslər şantaj etdikləri şəxsləri həbs etmək və barələrində cinayət işi başlanılması ilə hədələyiblər.
Dəstə üzvləri Fazil Qədimov, İmran Orucov, Məmmədəli Novruzov və 1977-ci il təvəllüdlü Kamal Poladxanovun küli miqdarda pullarını ələ keçiriblər.
Həbs edilən Hikmət Ağayev bundan əvvəl dələduzluq etdiyi üçün məhkumluq həyatı yaşayıb.