1 Noyabr 2018 15:00
1 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində silahlı cinayət törətməkdə şübhəli bilinən daha bir nəfərin barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, bu Xəyal Xaliq oğlu Qafarovdur.

Bu gün Nəsimi rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə baş tutan prosesdə Xəyal Qafarovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəyal Qafarovun barəsində Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

Onun barəsində olan cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsində araşdırılır.

Qeyd edək ki, bu il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hüquq-mühafizə orqanlarının birgə məlumatında fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirdiyi, əvvəlcədən planlaşdırılmış terror aktı olduğu qeyd edilib.

Bundan sonra iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

Bu cinayət işləri üzrə təqsirli bilinən şəxslər həbs edilib və onların barələrində ayrı-ayrı icraatlarda istintaq hərəkətləri aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər