2 Noyabr 2018 15:42
1 539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş vermiş silahlı insidentdə təqsirləndirilən Bəhruz Rəfiyev Fuad Əsgərov, Tofiq Qaramizadə və Süleyman Abdullayevin kasasiya şikayətlərinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə Süleyman Abdullayevin kasasiya şikayəti qismən təmin edilib.

Onun cəzası 7 ildən 4 ilə endirilib.

Digər təqsirləndirilənlər Bəhruz Rəfiyev Fuad Əsgərov, Tofiq Qaramizadə kasasiya şikayətlərini geri götürüblər. Onlar şikayətlərini geri götürməkdə məqsədləri işə əlavə sübutların təqdim edilməsi ilə bağlı olub.

Hakim heyəti onların kasasiya şikayətlərinə baxmayıb.

Qeyd edək ki, bu iş üzrə digər təqsirləndirilənlər - Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev, Samir Allahyarov və Hüseyn Hüseynov tərəfindən kasasiya şikayəti verilməyib.

Bu səbəbdən onlarla bağlı iş üzrə kasasiya instansiyasında araşdırma aparılmayıb.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Samir Allahyarovun cəzası 10 ildən 15 ilə, Fuad Əsgərovun cəzası 8-dən 10 ilə, Süleyman Abdullayevin cəzası isə 4 ildən 7 ilə qaldırılıb.

Hüseyn Hüseynovun isə cəzası 4 il 6 aydan 1 ilə endirilib.

Digərlərinin cəzası dəyişdirilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Qarazədə 7 il, Samir Allahyarov (Ayqam Samir) 10 il, Fuad Əsgərov (Astarılı Fuad) 8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il, Araz Vəliyev 3 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, birinci instansiya məhkəməsində çıxış edən prokuror Tofiq Qaramizadənin 12 il, Fuad Əsgərovun 15 il 6 ay, Bəhruz Rəfiyevin 13 il, Müzəffər Cəfərovun 7 il 9 ay, Samir Allahyarovun 18 il, Süleyman Abdullayevin 15 il, Araz Vəliyev, Murtuza Tağıyev və Hüseyn Hüseynovun isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, cinayət hadisəsi 20015-ci il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əsgərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov, Bəhruz Rəfiyev və digər şəxslər tutulub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham edilib.

Hadisə kriminal aləmdə nüfuza malik olan Lotu Quli ləqəbi ilə tanınmış Nadir Səlifov və Rövşən Lənkəranski ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdarları arasında baş verən mübahisə ilə bağlı törədilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin bəziləri Lotu Qulinin, bəziləri isə Rövşən Lənkəranskinin tərəfdarıdır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər