5 Noyabr 2018 11:18
2 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adam oğurluğunda təqsirləndirilən Turab Nağıyev, Şahmar Nağıyev və Altay Əliyevin barələrində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt Apelyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Turab Nağıyev 11 il, Altay Əliyev 10 il, Şahmar Nağıyev 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər Pərviz Quliyevin və tanışlarının 2016-cı ilin yanvarında "Odlar Yurdu" Universitetindən külli miqdarda pul oğurladığını biliblər. Əldə olunmuş pullardan faydalanmaq məqsədilə Pərviz Quliyevə və digər dəstə üzvlərinə zəng edərək, polisə xəbər verməyəcəklərini söyləyib, bunun qarşılığında pul tələb ediblər.

Tələb rədd edildikdə onlar 2016-cı il martın 13-də kafedən çıxan Pərvizin qabağını kəsib, ona zor tətbiq etməklə Altay Əliyevin avtomobilinə mindiriblər. Pərvizi başqa kafeyə apararaq döyüblər, əldə etdiyi puldan onlara da verməli olduğunu bildiriblər.

Pərviz Quliyev pulu olmadığını dedikdə dəstə üzvləri 40 min manata təzə ev aldığını xatırladaraq həmin evi satmasını tələb ediblər.

Evi satan Pərviz Quliyev onlara əvvəl 15 min manat, daha sonra əlavə 3 min manat verib.

Xatırladaq ki, 2017-ci ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsində "Odlar Yurdu" Universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından içərisində 429 min 722 manat olan seyfi oğurlamaqda ittiham olunan şəxslərə hökm oxunub.

Hökmə əsasən, Sübhan Ələkbərov 7 il, Pərviz Quliyev, Həzrət Məmmədov, Ramin Abbasovun hər biri 9 il, Vüqar Vəliyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər