Abşeron rayonu ərazisində saxta pulların dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb, onlardan saxta əskinaslar götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, cari il oktyabr ayının 28-də Xırdalan şəhər sakini G.Hüseynova Abşeron rayon Polis İdarəsinə müraciət edib.
O, oktyabrın 27-də şəhər ərazisindəki satıcı işlədiyi şirniyyat evinə gəlmiş naməlum qadının aldığı şirniyyatın müqabilində ona 1 ədəd 50 manatlıq saxta əskinas verməsini bildirib.
Bundan başqa, noyabrın 2-də Masazır qəsəbə sakini Adilə Sadıqova polis idarəsinə müraciət edərək həmin gün qəsəbə ərazisində səyyar ticarətlə məşğul olarkən naməlum qadının aldığı balığın müqabilində ona 1 ədəd 50 manatlıq saxta əskinas verməsini bildirib.
Qeyd edilən əskinaslar polis əməkdaşlarına təqdim edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pul verməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Nərgiz Mirzəyeva və oğlu Namiq saxlanılıb, onlardan 1 ədəd 100 manatlıq və 1 ədəd 50 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.