8 Noyabr 18:01

Bakının Xətai rayonunda cibgirliklə məşğul olan şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirlikdə məşğul olan və bununla da insanların pulunu, mobil telefonunu, eləcə də üzərlərində olan digər qiymətli əşyaları oğurlayan paytaxt sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar – Elnur Qurbanov və Elçin Əliyev saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, hər iki şəxs əsasən 81 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobuslarında insanların sıx olduğu saatlarda cibgirliklə məşğul olublar.

Qeyd edilən faktlarla bağlı Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları saxlanılan şəxslərin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər.

Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai rayon Polis İdarəsinə müraciət edə bilərlər.


Müəllif: Hacı Zeynalov
Загрузка...