14 Noyabr 2018 16:36
1 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının ayrı-ayrı rayonlarında oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Babək Əzizliyə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Mirəli İbrahimli saxlanılıb.

Daha bir oğurluq hadisəsi Səbail rayonu ərazisində baş verib. Rayon ərazisindəki mağazaların birindən samovar oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Əliyev oranın işçiləri tərəfindən saxlanılıb. O, 9-cu polis bölməsinin əməkdaşlarına təhvil verilib.

Oxşar hadisə Qaradağ rayonunda da baş verib. Lökbatan qəsəbəsi ərazisindəki köşklərin birindən 200 manat oğurlanıb.

10-cu polis bölməsi əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini olan bir yeniyetmə saxlanılıb.

Paytaxtın Nəsimi rayonunda oğurluq etdiyinə görə tutulan Tural Novruzovun ətrafında 20-ci polis bölməsində araşdırma aparılıb. Onun sentyabrın 15-də və 18-də rayon ərazisində 2 avtomobildən mobil telefon oğurlaması müəyyən edilib.

Bundan başqa, Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən oktyabrın 27-də R.Məmmədovun bank hesabından 600 manatını çıxararaq oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Zeynal Nemətov saxlanılıb.

Daha bir oğurluq hadisəsinin üstünü Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin əməkdaşları açıb. Əməliyyat tədbirləri nəticəsində sentyabrın 11-də Bakı şəhər sakini Vüqar İsgəndərovun 3 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Əkbərov saxlanılıb.

Bundan başqa, Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 29-da rayon ərazisində 1 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan Hüseyn Zülfüqarov saxlanılıb.

Nəqliyyat vasitəsi qaçırdığına görə həbs edilən Azər İbrahimovun yeni daha bir cinayəti üzə çıxıb. Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun daha bir “Hyundai” markalı avtomobildən 500 manat, 70 ABŞ dolları və sənəd oğurlaması da müəyyən edilib.

Bundan başqa, 19-cu polis şöbəsi əməkdaşları tərəfindən sentyabrın 15-də Nəsimi rayon ərazisində Bakı şəhər sakini H.Hacızadənin cibindən 300 manatını oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini Ağamehdi Rəhimov saxlanılıb.

Daha bir oğurluq hadisəsi Xətai rayonunda baş verib. 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 2-də rayon ərazisindəki mağazaların birindən açıq talama yolu ilə 200 manat pul aparmaqda şübhəli bilinən Bakı şəhər sakini Vüsal Tağıyev tutulub.

Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da E.Bağırzadənin “Toyota” markalı avtomobilindən 1000 manat, eynək və şəxsiyyət vəsiqəsi oğurlamaqda şübhəli bilinən paytaxt sakini olan bir yeniyetmə saxlanılıb.


Müəllif: Hacı Zeynalov