Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Rəşad Qaytaranovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin avqustun 8-də, saat 00:20 radələrində Naxçıvanski küçəsində naməlum kişi bıçaq xəsarətləri ilə xəstəxanaya aparılıb və saat 01:45 radələrində orada ölüb.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin, Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 24-cü Polis Bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətlə yetirilənin Bakı şəhər sakini Ruslan Abbasov olması müəyyən edilib, cinayəti törədən Rəşad Qaytaranov isə tutulub.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Rəşad Qaytaranovun barəsində ittiham hökmü çıxarılmayıb. Onun cinayəti törədərkən anlaqsız olmaslı nəticəsinə gəlinib və buna görə də Rəşad Qaytaranovun 1 saylı Ruhi-Əsəb Dispanserində müalicə alması barədə qərar qəbul edilib.
Məhkəmənin qərarından Baş Prokurorluq narazı qalıb və Rəşad Qaytaranovun barəsində ittiham hökmünün çıxarılması ilə bağlı apelyasiya protesti verilib. Bakı Apelyasiya Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, prokurorluğun şikayəti araşdırılması üçün İlqar Murquzovun icraatına verilib və məhkəmə baxışı avqustun 28-nə təyin olunub.
Hacı Zeynalov