20 Noyabr 2018 09:41
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda qeyri-rəsmi yaşadığı qadını öldürməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Mahir Qocayevin barəsində yeni ittiham elan edilib.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Prokurorluğunda istintaqı aparılan Mahir Qocayevin barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.

Bu barədə qərar qəbul edilməsi üçün müstəntiq tərəfindən Nərimanov rayon Məhkəməsinə vəsatət verilib. Hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan prosesdə müstəntiqin vəsatəti təmin olunub.

Qeyd edək ki, noyabrın 5-də Nərimanov rayon Məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə baş tutan iclasda Mahir Qocayevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona həmin qərarda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, hadisə Nərimanov rayonu, Xan Şuşinski küçəsi-63 ünvanda olub.

Həmin ünvanda yaşayan Mahir Qocayev qısqanclıq zəminində sevgilisi, 1994-cü il təvəllüdlü Ülviyyə Allahverdiyevanı bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Ülviyyə Allahverdiyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Məlum olub ki, hadisədən əvvəl Mahir Qocayevlə Ülviyyə Allahverdiyevanın münasibətləri pozulub. Bu səbəbdən onların arasında həmin ünvanda küçədə mübahisə yaranıb. Gənc oğlan mübahisə zəminində Ülviyyə Allahverdiyevaya çoxsaylı bıçaq zərbələri endirib.

Mahir Qocayev daha sonra özünə də bıçaqla zərbələr endirib. O, xəsarətlə xəstəxanaya yerləşdirilib. Cinayət törətdiyi üçün Mahir Qocayev polis nəzarəti altında müalicə alıb.

Daha sonra onun barəsində cinayət işi başlanması üçün istintaq orqanına təqdim olunub.

Hazırda cinayət işi üzrə Nərimanov rayon Prokurorluğunda istintaq hərəkətləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov