Bakıda quldurluq ittihamı ilə həbs olunan 1970-ci il təvəllüdlü Cavid Aslanov və onun uşaqlıq dostu, 1973-cü il təvəllüdlü Nəriman Heydərovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Cavid Aslanovun vəkili Tərlan Xanəliyev Teleqraf.com-a bildirib ki, Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətləri təmin olunub.
Onun sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Hər iki təqsirləndirilən şəxsə bəraət verilib.
Tərlan Xanəliyev qeyd edib ki, bəraət alan hər iki şəxs azadlığa buraxılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid Aslanov 11 il, Nəriman Heydərov isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Qeyd edək ki, Cavid Aslanov və Nəriman Heydərov Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsinin əməkdaşları tərəfindən yaxlanıb.
Onlar Naxçıvan sakini olan Zemfira Baxışəliyevanın şikayətindən sonra həbs ediliblər.
Belə ki, Zemfira Baxışəliyeva 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək, quldurluqla üzləşdiyini bildirib. O, ilkin izahatında qeyd edib ki, 3 nəfər naməlum şəxs evinə basqın edib, həmin şəxslər onun 20 min manatını, 800 manat dəyərində qızılını aparıblar.
Sonradan Zemfira Baxışəliyeva izahatını dəyişib və bildirib ki, evindən 20 min manat pul, 10 min manat dəyərində qızılı aparılıb.
Qeyd edək ki, Zemfira Baxışəliyeva əvvəllər məhkum olunub. O, ərini xüsusi amansıqlıqla öldürdüyü üçün 9 il həbsxana həyatı yaşayıb. Həbsdən çıxan Zemfira Baxşəliyeva Binəqədi qəsəbəsində məskunlaşıb.
Cavid Aslanov və Nəriman Heydərov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham ediliblər. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər cinayəti etiraf etməyiblər. Onlar bildiriblər ki, qadının şər atması nəticəsində həbs olunublar.
Məhkəmədə o da məlum olub ki, zərərçəkmiş kimi təqdim olunan Zemfira Baxışəliyeva sələmə pul verən şəxsdir.