Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində “Toyota” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə sənəd oğurlanıb.
6-cı polis bölməsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalarla onun Abşeron rayon sakini Elxan İsayev olduğu məlum olub.
Polis əməkdaşları tərəfindən Elxan İsayevin digər analoji əməllərinin də üstü açılıb.
Onun Nərimanov və Binəqədi rayonları ərazisində daha 4 avtomobildən pul, sənəd və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Bundan başqa, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon ərazisində “VAZ-2107” markalı avtomobildən səsgücləndirici və 1 ədəd planşet oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İsmayıl Məmmədov saxlanılıb.
Onun rayon ərazisində daha 3 avtomobildən pul, parfümeriya və gümüş əşyaları oğurlaması da müəyyən edilib.
Hər iki faktla bağlı araşdırmalar aparılır.