Hollandiyada 25 il əvvəl təcavüz edilib öldürülən 19 yaşlı Milika van Dornun qatilinin kimliyi uzun illər sonra DNT analizi nəticəsində üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, 19 yaşlı qız 1992-ci ilin iyununda Amsterdamın şimalında Türkiyə kökənli miqrantların kompakt yaşadığı Zandam vilayətindəki göldə tapılmışdı. Rəfiqəsinin doğum gününə gedən gənc qıza təcavüz edən şəxs çoxsaylı bıçaq zərbələri endirdikdən sonra boğazını kəsərək gölə atıb. Bu müddət ərzində polisin cəhdlərinə rəğmən qatil tapılmayıb.
Zandam polisi hadisənin izinə 25 il sonra yenidən düşüb. Milika van Dornun cəsədindən alınan DNT analizi ilə həmin vaxt ərazidə yaşamış 133 Türkiyə kökənli kişinin analizini tutuşduraraq şübhəli şəxsi müəyyənləşdirib. 4 qız atası Hüseyn adlı şəxs analiz verməkdən imtina etsə də, qardaşının DNT analizi ilə 19 yaşlı gənc qızın cəsədinin qalıqlarındakı analiz uyğun gəldiyi üçün saxlanılıb. Cinayətdə bir nömrəli şübhəli olsa da, Hüseyn adlı şəxs ilk ifadəsində bu iddiaları rədd edərək içinə cin girdiyi üçün heç nə xatırlamadığını söyləyib. Növbəti məhkəmə proseslərində bu sözlərini təkzib edərək hər şeyi uydurduğunu deyib. O, evli olmasına baxmayaraq Milika van Dornla münasibəti olduğunu, sonuncu dəfə onunla 1992-ci ildə 5 və ya 6 dəfə birlikdə olduğunu söyləyib. Onun sözlərinə görə, gənc qızın cəsədindəki sperma qalıqları da bununla izah olunmalıdır.
Prokuror Hüseyn adlı şübhəliyə 20 il həbs cəzası verilməsini tələb edib.