22 Noyabr 2018 14:59
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda qonşusunu öldürməkdə təqsirli bilinən 1986-cı il təvəllüdlü Mahir Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, M.Əzizov 11 noyabr 2017-ci il tarixdə, saat 00.50-də Xaçmaz rayonu Sərkərli kəndindəki evində sərxoş vəziyyətdə qonşusu Elvin Musayevlə şəxsi münaqişə zəminində aralarında mübahisə baş verib. Mübahisə zamanı evin həyətində əlbəyaxa olublar.

Bu zaman M.Əzizov E.Musayevə iki dəfə xəsarət yetirib. Eyni zamanda Mahir özü də xəsarət alıb.

M.Əzizov ailə üzvlərinin qarşısında qonşusunun onu vurmasını özünə təhqir kimi qəbul edib. Bu səbəbdən qisas almaq məqsədilə E.Musayevi öldürmək qərarına gəlir. Bıçaq götürüb həyətə düşür. Evin qarşısında Elvini və onun oğlu, 2002-ci il təvəllüdlü Emil Musayevi görür. O, azyaşlı uşağın gözləri qarşısında atasının - Elvinin ürək nahiyəsindən bıçaqla zərbə vurur. E.Musayev aldığı zərbədən hadisə yerində ölür.

İstintaq orqanı tərəfindən Mahir Əzizova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əzizov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı olan M.Əzizov apelyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilməsini istəyib.

Mahir Əzizov fikrini belə əsaslandırib ki, E.Musayevə birbaşa yetirdiyi xəsarəti qəsdən etməyib. Əlavə edib ki, Elvini öldürmək niyyəti olmayıb, özünü ailə üzvlərinin qarşısında alçaldılmış kimi qəbul etməsi səbəbindən əsəbiləşib və bu səbəbdən də ona ağır xəsarət yetirmək istəyib.

M.Əzizovun şikayəti araşdırılmaq üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib və hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakimlər sonda qərar açıqlayıb.

Qərara görə, Mahir Əzizovun apelyasiya şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov