Bakıda mənzili fahişəxanaya çevirməkdə ittiham olunan 1971-ci il təvəllüdlü Aydın Səlimovun (ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Aydın Səlimov usta işlədiyi boş mənzili ev sahibindən xəbərsiz “yüngül əxlaqlı” insanların məkanına döndərib.
İki saatı 40 manat...
Aydın qazanc əldə etmək məqsədi ilə tanışı Fərid Məmmədova məxsus Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsindəki mənzildə əxlaqsızlıq yuvası təşkil edib.
A.Səlimov 24 aprel 2016-cı ildə, saat 19 radələrində mənzilin açarını Bənövşə adlı qadınla ilə cinsi əlaqədə olması üçün Səməd Sadıqova verib. Bunun müqabilində Səməddən iki saat evdə qalmaları üçün 40 manat alıb.
Cütlük hadisə başında yaxalandı
Polisin həmin ünvanda keçirdiyi əməliyyat nəticəsində Aydın Səlimovun qanunsuz əməli üzə çıxıb. Əməliyyat Səmədin Bənövşə ilə intim münasibətdə olduğu gün həyata keçirilib və cütlük hadisə başında yaxalanıb.
İstintaq orqanı tərəfindən A.Səlimova Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkiletmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən A.Səlimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
“Qadınla razılaşıb görüşdüm”
A.Səlimov bildirib ki, 2016-cı ilin aprel ayının əvvəllərində tanışı Fəridin mənzilini təmir etmək üçün ondan mənzilin açarını təhvil alıb:
“Təmiri bitirdikdən sonra Fərid mənzili kirayə verməyimi xahiş etdi. Aprelin 24-də Bənövşə adlı qız mənimlə telefonla əlaqə saxladı, kirayəyə ev istədi. Qadınla razılaşaraq evi göstərmək üçün görüşdüm”.
“Mənzilin açarını onlara verdim”
Təqsirləndirilən şəxs qeyd edib ki, sonradan adının Səməd olduğunu bildiyi bir nəfər kişi ilə 9-cu mikrorayonun ərazisində yerləşən marketin qarşısında görüşüb:
“Onunla saat 18.40-da görüşdük. Birlikdə həmin mənzilə getdik. Səmədlə Bənövşə evə baxıb, bəyəndiklərini söylədilər. Əşyalarını evə köçürmək üçün mənzilin açarlarını onlara verdim. Danışdıq ki, səhəri gün görüşüb, notariatda kirayə müqaviləsi bağlayaq”.
Yataqda çılpaq vəziyyətdə...
A.Səlimov qeyd edib ki, saat 19.10-da mənzildən çıxıb və binanın 2-ci girişində mülki geyimdə iki nəfər ona yaxınlaşaraq, polis əməkdaşı olduqlarını, həmin mənzilə baxış keçirmək istədiklərini bildiriblər:
“Polislərlə birgə mənzilə qalxdıq. İki nəfər hal şahidinin iştirakı ilə keçirilən baxış zamanı Səməd və Bənövşə yataq otağında çılpaq vəziyyətdə aşkar edildi. Hər ikisinin çılpaq vəziyyətdə polis əməkdaşları tərəfindən fotoşəkilləri çəkildi.
Polislər Səmədin evi kirəsi üçün mənə verdiyi 40 manatı istədilər. Pulu onlara verdikdən sonra sorğu-sual olundum. Bizi polis idarəsinə dəvət edərək, orada aidiyyəti üzrə sənədləşmə apardılar”.
“İlk dəfə Bənövşə ilə maşında...”
Şahid qismində ifadə verən S.Sadıqov bildirib ki, Bənövşə ilə həmin hadisədən bir-iki həftə əvvəl tanış olub. Qeyd edib ki, ilk dəfə özünə məxsus avtomobildə görüşüblər:
“Həmin vaxt Bənövşəyə intim əlaqədə olmağı təklif etdim, lakin razılaşmadı”.
S.Sadıqovun sözlərinə görə, aprelin 24-də Bənövşə onunla telefonla əlaqə saxlayıb, kirayəyə ev olduğunu deyib:
“İntim əlaqədə olmaq üçün Bənövşə ilə razılaşdım. Biz sonradan tanıdığım Aydın ilə görüşdük. Birlikdə kirayə verilən evə baxdıq. Bəyəndikdən sonra ora köçmək üçün açarları Səməddən aldıq. Bunun müqabilində ona 40 manat pul verdim”.
“Səmədlə 50 manata razılaşdım və üstəlik...”
Cinayət işi üzrə şahid qismində danışan Bənövşə bildirib ki, pula ehtiyacı olduğundan, son vaxtlar ayrı-ayrı kişilərlə də görüşüb: “Tanışım Səmədin mənimlə cinsi əlaqədə olmaq təklifinə 50 manat müqabilində razılaşdım. 40 manata bir-iki saatlıq kirayə pulu ödəməsini də istədim. Sonra digər tanışım Aydına zəng edib dedim ki, 40 manata cinsi əlaqədə olmaq üçün evi bir-iki saatlıq versin. O da razılaşdı”.
Bənövşənin sözlərinə görə, aprelin 24-də, saat 18.40-da Binəqədi rayonu 9-cu mikrorayondakı marketin qarşısında Səmədlə birlikdə Aydınla görüşüb. Həmin mənzilə getdik. Razılaşdıq, Aydına 40 manat verdik, mənzili kirələdik”.
Qərar qüvvədə qaldı
Binəqədi rayon Məhkəməsinin hökmü ilə A.Səlimov 2 il müddətinə islah işləri cəzasına məhkum olunub. Hökmdən narazı qalan A.Səlimov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
A.Səlimovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İlqar Murquzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərarı elan edib. Qərara görə, Aydın Səlimovun şikayəti təmin olunmayıb.