Saatlı rayonunda kriminal avtoriteti öldürməkdə təqsirli bilinən şəxs həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Oktay Əkbərovu qətlə yetirməkdə şübhəli bilinən qardaşı oğlu Saleh Əkbərov tutulub.
Qeyd edək ki, qətl hadisəsi Saatlı rayonunun Azadakənd kəndində baş verib. 1967-ci il təvəllüdlü kənd sakini Oktay Əkbərovun başında 2 güllə yarası olan meyiti ona məxsus BMW markalı avtomobildə aşkar edilib.
Meyit müayinə olunmaq üçün Sabirabad morquna təhvil verilib. Onun əvvəllər dəfələrlə məhkum olunduğu məlum olub.
Oktay Əkbərov hadisədən 2 ay əvvəl Rusiyadan Azərbaycana qayıdıb.
Faktla bağlı Saatlı rayon Prokurorluğunda cinayət işi açılıb.
Qətlə yetirilən Oktay Əkbərovun kriminal avtoritet olduğu iddia olunur.