Şəkidə mülk üstündə atasına qarşı cinayət törətməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Elman Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Elman Musayev Şəki rayonu Sarıca kəndində yerləşən yaşayış evinə gələrək həyətyani sahəsində əvvəlcədən aralarında mülk ilə bağlı mübahisəsi olan atası Hidayət Musayevi görüb.
“Atam bacımın yanına getdi”
Bu zaman ata və oğulun arasında yenidən mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Elman plastik materialından olan boru ilə atasını döyərək, ona xəsarət yetirib.
Təqsirləndirilən şəxs qismində ifadə verən E.Musayev bildirib ki, hərbi xidmətdə olan zaman qəlpə yarası aldığı üçün hazırda 3-cü qrup əlildir.
Onun sözlərinə görə, atası ilə əvvəllər münasibətləri yaxşı olub, lakin 2015-ci ilin noyabr ayında anası vəfat etdikdən sonra aralarında mübahisələr yaranıb:
“Anam öləndən sonra qardaşım Ruslan və bacım Mehriban mənimlə ədavət aparıblar. Atam Hidayət gözdən əlil olduğum üçün Mingəçevir şəhərində yaşayan bacım Mehribanın yanına getdi. Həmin vaxtdan da Sarıca kəndində yerləşən evdə tək yaşamağa başladım”.
“Şər-böhtan atırdılar”
E.Musayev əlavə edib ki, yaşadığı Sarıca kəndindəki evi ələ keçirmək məqsədi ilə qardaşı Ruslan atasının vasitəsi ilə ona təzyiq etməyə başlayıb:
“Lakin həmin evdən başqa qalmağa yerim olmadığından oradan çıxmadım. Ev məsələsi ilə bağlı atam, qardaşım və bacımla tez-tez mübahisələrimiz olurdu. Hətta onlar üçü birləşərək məndən Sarıca polis bölməsinə şikayət ərizəsi də yazıblar.
Digər qardaşım Ruhlan və onun ailəsi ilə yaxın olduğum üçün, Ruslan və atam mənimlə yanaşı, Ruhlan barəsində də müvafiq orqanlara şər-böhtan dolu şikayət ərizələri yazırdılar”.
Hidayətin Ruslanla Elmana “plan qurma”sı...
E.Musayev qeyd edib ki, atasının Ruslanla birlikdə əkib-becərdikləri Sarıca kəndində yerləşən pay torpaq sahəsi onun yaşadığı evin həyətinin arxa hissəsində yerləşib:
“Həmin pay torpaqlara mənim heç bir aidiyyətim yoxdur. Həmin yerdən kənarda başqa bir pay torpağım var. Sentyabrın 18-də, axşam saat, təxminən 19 radələrində yaşadığım evə gedəndə qardaşım Ruslanın idarə etdiyi avtomaşının yaşadığım evin qarşısında dayandığını gördüm.
Atamın qardaşımla birlikdə məni evdən çıxartmaq istədiklərini başa düşdüm. Bu səbəbdən əsəbi halda yaşadığım evin həyətinə daxil oldum. Ruslanın, arvadının əmisi oğlu Pərvizin və atamın həyətdə söhbət etdiklərini gördüm”.
“Atamı şikayət etməyə o təhrik edib”
E.Musayev ifadə zamanı bildirib ki, həyətə daxil olduqdan sonra Ruslana ev söz-söhbətinə son qoymasını deyib:
“Lakin Ruslan yaşlı atamın əlinə bıçaq verərək üstümə istiqamətləndirdi. Qardaşımın bu hərəkətindən əsəbiləşdim. Həyətdə istifadə etdiyim plastik materialdan olan şlanqla Ruslanı vurdum. Şlanqı fırladarkən ola bilsin ki, atama da dəyib. Heç vaxt atama əl qaldırmamışam.
Sadəcə, Ruslan əmlakımı ələ keçirtmək məqsədi ilə qoca atamı mənə qarşı şikayət etməyə təhrik edib”.
“Oğlum evimizi satışa çıxardı, məni evə qoymadı”
Zərərçəkmiş şəxs qismində ifadə verən H.Musayev bildirib ki, onun 84 yaşı var:
“Elmanla birlikdə 6 övladım var. Hamısını oxutmuşam, ali təhsil verərək, evləndirmişəm. Həyat yoldaşım 3 ildir ki, rəhmətə gedib. Arvadımın qırxından sonra Elmanla aramızda narazılıq yarandı. Oğlum Elman evimizi satışa çıxardı, məni isə evə qoymadı. Aramızda olan narazılığa görə Elman məni armaturla vurdu. Həmin zaman evdə işləyən fəhlədən başqa heç kim olmayıb. Verdiyim şikayəti müdafiə edirəm, oğluma 11 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyirəm”.
Nankor oğula islah cəzası...
Şəki rayon Məhkəməsinin hökmü ilə E.Musayev 1 il müddətinə islah işləri cəzasına məhkum olunub.
Hökmdən narazı qalan H.Musayev apelyasiya şikayəti verib. O, oğlunun cəzasının artırılmasını, həbs edilməsini xahiş edib.
H.Musayevin şikayətinin araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim İmanverdi Şükürovun sədrliyi ilə baş tutan prosesdə H.Musayevin apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, H.Musayevin apelyasiya şikayəti təmin olunmayıb.