28 Noyabr 2018 16:46
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda müğənni və daha 10-dan çox şəxsin pulunu ələ keçirməkdə ittiham olunan Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə prokuror Vüqar Quliyev çıxış edib.

O, Məlahət Məmmədovaya qarşı istintaq orqanı tərəfindən irəli sürülən ittihamın məhkəmə zamanı sübuta yetirildiyini deyib.

Prokuror Məlahət Məmmədovanın cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 6 il 9 ay 29 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses dekabrın 12-də davam edəcək.

İttihama görə, Məlahət Məmmədova vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq edib.

O, zərərçəkmişlərə ümumilikdə 300 min manatdan çox ziyan vurub.

Zərərçəkənlər arasında əməkdar artist, müğənni Könül Kərimovanın da adı keçirir.

İstintaq sənədlərinə görə, Məlahət Məmmədova Könül Kərimovanın oğlu Rəşad Rəhimovu Rusiyada ali məktəblərdən birinə qəbul etdirəcəyinə vəd verib, sonradan Azərbaycan Dövlət İqtisad Universitetinə köçürülməsini təşkil edəcəyini deyib.

Bununla bağlı o, Könül Kərimovadan ümumilikdə 32 min manat pul alıb.

Lakin vədinə əməl etməyərək, aldığı pulu mənimsəyib.

İstintaq orqanı tərəfindən Məlahət Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər