29 Noyabr 2018 11:04
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlıda polis əməkdaşını bıçaqlamaqda təqsirli bilinən 1969-cu il təvəllüdlü Şöhrət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Şöhrət Əliyev 21 yanvar 2018-ci ildə sərxoş vəziyyətdə Saatlı şəhərinin 20 Yanvar küçəsində tanışı Əvəz Eynullayev ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə zamanı Şöhrət Əliyev Əvəz Eynullayevi bıçaqlayıb. Vaxtında xəstəxanada tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Polisin keçirdiyi əməliyyat nəticəsində Şöhrət Əliyev həbs edilib.

Məlum olub ki, o, əvvəllər iki dəfə məhkum olunub.

Zərərçəkmiş Əvəz Eynullayev isə Saatlı rayon polis şöbəsinin serjantıdır.

İstintaq orqanı tərəfindən Şöhrət Əliyevə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şöhrət Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Şöhrət Əliyev apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Şöhrət Əliyevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan prosesdə Şöhrət Əliyevin apelyasiya şikayətinin dəlilləri araşdırılıb və daha sonra qərar elan edilib.

Qərara görə, Şöhrət Əliyevin şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər