Bakıda gecə klubunun qarşısında iki nəfəri bıçaqlamaqda təqsirli bilinən Müzəffər Sərxanbəyovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Müzəffər Sərxanbəyov 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu ilin mayında Müzəffər Sərxanbəyov paytaxtın Bülbül prospektində yerləşən gecə klublarından birində əyləndikdən sonra tanımadığı şəxslərlə mübahisə edib.
Mübahisə çöldə davam edərkən Müzəffər Sərxanbəyov əlini bıçağa atıb. O, mübahisə etdiyi iki şəxsə bıçaqla xəsarət yetirib.
Müzəffər Sərxanbəyov deyib ki, hadisə söyüş üstündə baş verib: “Həmin adamlar məni söydülər, üstümə hücum çəkdilər. Bıçağı qorxutmaq üçün çıxartdım, vurmaq məqsədim yox idi. Onlar yenə də söyüş söyərək, məni vurmağa təhrik etdilər”.
Müzəffər Sərxanbəyovun sözlərinə görə, əslində hadisəyə yolda dayanan dilənçi səbəb olub: “Hadisə günü mən klubun qabağında dayanmışdım. Bir dilənçinin ağladığını gördüm, soruşdum ki, sənə nə olub? Bu şəxslər də “sənin nə işinə qalıb, dilənçi niyə ağlayır?” deyə soruşdular.
Mən isə onlara yolları ilə getməyi məsləhət gördüm, qulaq asmadılar. Buna görə aramızda mübahisə yarandı”.