Sumqayıt şəhərində dələduzluq etməkdə təqsirli bilinən Zəngilan rayon sakini, 1981-ci il təvəllüdlü Bəhruz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bəhruz Məmmədov fərdi ev tikmək üçün torpaq sahəsi almaq istəyən İntiqam Rəşidova Sumqayıt şəhərinin 76-cı məhəlləsində, Nizami İmanovun adına olan 3 sot torpaq sahəsinin özünə məxsus olması barədə yalan məlumat verib.
Bəhruz Məmmədov həmin torpaq sahəsini İntiqam Rəşidova hər sotunu 2300 manata təklif edib. Razılaşdıqdan sonra İntiqam Rəşidovdan ümumilikdə 6900 manat alıb.
Bundan sonra, o, İntiqam Rəşidova həmin torpaq sahəsinə tikinti aparmaq üçün icazə alacağına dair yalan vəd verib.
Bəhruz Məmmədov Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsində olan şəxsi əlaqələrindən istifadə edib, İntiqam Rəşidovun adına sənədləşdirmə işləri aparılması üçün pul lazım olduğunu bildirib. Buna görə İntiqam Rəşidovdan 2000 manat alıb.
Daha sonra o, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsindən sənəd almaq üçün dövlət rüsumu ödənilməsi adıyla müştərisindən 258 manat alıb.
İstintaq orqanı tərəfindən Bəhruz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Bəhruz Məmmədov 5 min manat miqdarında cərimə olunub.
Hökmdən narazı qalan zərərçəkmiş İntiqam Rəşidov apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.
Zərərçəkmişin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrlik etdiyi kollegiyada apelyasiya şikayətinin dəlilləri araşdırılan zaman təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlməyib.
Bu səbəbdən məhkəmə Bəhruz Məmmədovun barəsində həbs qətimkan tədbiri seçib və axtarış elan edib.
Lakin bu qərar qəbul olunandan sonra zərərçəkmiş məhkəməyə müraciət edib. O, apelyasiya şikayətindən imtina etdiyini qeyd edib.
Zərərçəkmiş şikayətindən imtina etdiyi üçün apelyasiya şikayətinin baxılmasına xitam verilib.
Bəhruz Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbiri və axtarış elan edilməsi barədə 24 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilib.