4 Dekabr 2018 10:00
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qardaşını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Əli Əliyevin barəsində olan hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 10-na təyin olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, qətl hadisə ötən ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada baş verib.

Əli Əliyev qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb.

1990-cı il təvəllüdlü Əli Əliyev Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Onun bıçaqlayaraq öldürdüyü qardaşı, 1983-cü il təvəllüdlü Murad Əliyev isə kunq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayının serjantı imiş.

Hadisənin ilkin təfərrüatına görə, qardaşlar televizora baxmağa görə əvvəlcə mübahisə ediblər, daha sonra əlbəyaxa dava yaranıb.

Əli Əliyev mətbəx bıçağını götürərək qardaşına hücum edib və ona çoxsaylı zərbələr endib.

Əli Əliyev hadisədən sonra evdən qaçıb. O, polis əməkdaşları tərəfindən həbs edilib.

İstintaq orqanı tərəfindən Əli Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər