Daşkəsən rayonunda ov zamanı silahlı insidentdə şübhəli şəxs qismində saxlanılan şəxsin evində axtarış aparılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Daşkəsən rayon sakini Xəqani Abdullayevin ölümü ilə əlaqədar avqustun 24-də RPŞ əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış İman Hüseynovun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan “Karabin” markalı nömrəsiz tüfəng aşkar edilərək götürülüb.
Qeyd edək ki, Hadisə avqustun 23-də rayonun Astaf kəndində qeydə alınıb. Kənd sakinləri, əvvəllər məhkum olunmuş Xəqani Abdullayev, Sahib Cabbarov, İlham Hüseynov və onun qardaşı İman kəndin ərazisində yerləşən “Göy Yurd” adlandırılan ərazidə ov edərkən tüfəngdən açılmış atəşdən X.Abdullayev ölüb.
Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində S.Cabbarov, İ.Hüseynov və İlham Hüseynov saxlanılıblar. Hadisə yerindən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Hacı Zeynalov