Qazax rayonunda ölüm işinə görə həbs edilən polis əməkdaşı İlham Süleymanovun barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatətə baxılıb.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Məhkəməsində təqsirləndirilən şəxsin ev dustaqlığına butraxlması barədə vəkilin vəsatətinə baxılıb.
Məhkəmə vəsatəti təmin edib, İlham Süleymanov məhkəmə zalında azadlığa çıxıb.
Lakin hökmdən narazı qalan istintaq orqanı apelyasiya protesti verib. Bakı Apelyasiya Məhkəməsi istintaq orqanını protestini təmin edib.
Qərara görə, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub və İlham Süleymanov yenidən həbs edilib.
Baş Prokurorluğun yaydığı məlumata əsasən, Elmir Axundovun Qazax rayon polis şöbəsində vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla Kərim Əhmədovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dəlalət edən ilkin sübutlar toplandığından o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı həmçinin rayon polis şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi İlham Süleymanovun Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə şübhələr üçün kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində saxlanılıb.
Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.