Bakıda əmisi oğlunu bıçaqlamaqda təqsirli bilinən İsmayıl Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
İsmayıl Hümbətovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, İsmayıl Hümbətov xaricdən meyvə-tərəvəz gətirməklə məşğul olan əmisi oğlu Vasif Hümbətova 30 min dollar borc verib.
Vasif Hümbətov isə İsmayıl Hümbətova biznesini genişləndirmək üçün pul lazım olduğunu, qarşılığında da ona əlavə gəlir verəcəyini bildirib.
Daha sonra İsmayıl Hümbətov qayınatası Adəm Hüseynovdan 30 min dollar alaraq əmisi oğluna verib.
Bir qədər keçəndən sonra Vasif Hümbətov işlərinin yaxşı getmədiyini deyib və borcu qaytarmayıb.
İsmayıl Hümbətov özünün "Ford Tranzit" avtomobilini 6 min manata satıb, həyat yoldaşının qızıllarını lombarda qoyaraq 3700 manat götürüb. Həmin pulları qayınatasına qaytarıb.
Daha sonra Vasif Hümbətov ona 10 min dollar qaytarıb. Qalan 20 min dollar üçün isə hər dəfə bəhanə uyduraraq gecikdirib.
Aralarında mübahisə yarananda isə İsmayıl Hümbətov əmisi oğlunun kürəyindən 3 bıçaq zərbəsi vurub. Daha sonra taksi çağıraraq onu xəstəxanaya aparıb.
Həkimlərin müdaxiləsi nəticəsində Vasif Hümbətovun həyatını xilas etmək mümkün olub.
Məlum olunub ki, İsmayıl Hümbətov paytaxtda 3-cü mikrorayon ərazisində yerləşən bazarda meyvə-tərəvəz alveri ilə məşğul olub.
İsmayıl Hümbətovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.