Tanınmış modelyer Leyla Əhmədovaya qarşı cinayət törətməkdə təqsirləndirilən Nizami Ağayev, Azər Lütfəliyev və Ceyhun Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə Sabir Abdinov ittiham aktını elan edib.
Təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.
Zərərçəkmiş qismində ifadə verən Leyla Əhmədova bildirib ki, təqsirləndirilən Nizami Ağayevdən “makler” kimi ona ev tapmaq istəyib: ”Nizami ilə dəfələrlə müxtəlif evlərə gedib baxmışam. Onun nömrəsini yoldaşıma verdim, obyekti biz almaq istəyirdik. O, binanı 4 milyon manata satacağını deyirdi. Binada 4 mərtəbəni 24 min manata icarəyə götürdük”.
Zərərçəkmişin sözlərinə görə, Nizami Ağayev icarəyə verdiyi yeri təmir etdirəcəyini desə də, sonradan sözünə əməl etməyib.
Zərərçəkmiş qeyd edib ki, həmin obyektin təmirinə 1 milyon 100 min manat pul xərcləyib: “Bu pulun 100 min dollarını bankdan kredit götürmüşdüm. Lakin 1 manat da gəlir əldə etməmişəm. Düşünürəm ki, əslində Nizami Ağayevin əvvəlcədən fikri buranı mənə təmir elətdirib, sonra əlimdən almaq olub”.
Növbəti proses dekabrın 21-də davam edəcək.
İttihama görə, iş üzrə modelyerə dəymiş ziyan 100 min manatdan çoxdur.
Leyla Əhmədova hüquq-mühafizə orqanlarına şikayət edərək bildirib ki, 2014-cü ildə Bakının Cəfər Cabbarlı küçəsi, 29 ünvanında yerləşən obyekti Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan icarəyə götürüb.
Bir zirzəmi və 3 mərtəbədən ibarət obyekti ilkin razılıqla aylıq 24 min manata icarəyə götürüb. Obyekt sahibləri ilə Leyla Əhmədova arasında əldə olunan razılaşmaya əsasən, icarədar burda təmir işləri aparmalı və xərclədiyi vəsait hissə-hissə aylıq icarə pulundan çıxılmalı imiş.
Leyla Əhmədova iddiasına görə, təmirə başlayandan bir müddət sonra Nizami Ağayev ona maneçiliklər törətməyə başlayıb.
Ümumilikdə Leyla Əhmədovaya 1 milyon 100 min manat ziyan dəyib.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə cinayət işi başlanıb.