13 Dekabr 2018 10:30
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ağır cinayətlər törətməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Kamil Əliyev, 1995-ci il təvəllüdlü Asib Kambarov, 1997-ci il təvəllüdlü Kamran Süleymanov, 1995-ci il təvəllüdlü Rəşad Əhmədzadə və 1995-ci il təvəllüdlü Orxan Əliyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi baş çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi barədə verdikləri apelyasiya şikayəti təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Əliyev 11 il, Asib Kambarov və Kamran Süleymanovun hər biri 8 il, Rəşad Əhmədzadə 9 il, Orxan Əliyev isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər Xətai rayonu ərazisində yerləşən Ailə TV şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəliblər.

Onlar şirkətin seyfində olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçıblar.

Bundan başqa, təqsirləndirilən şəxslər Nizami rayonu ərzasində lombarda daxil olaraq orada işləyənlərə hədə-qorxu gələrək 1250 manat pulu ələ keçiriblər.


Müəllif: Hacı Zeynalov