Bakıda sahibkara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinən Gülarə Əliyeva barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə Teleqraf.com-a cinayət işində adı zərərçəkmiş kimi keçən sahibkar Nəcəf Nəsirlinin vəkili Fərid Həsənov bildirib.
Onun sözlərinə görə, Xətai rayon Məhkəməsinin qərarı ilə Gülarə Əliyevanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məhkəmənin qərarından narazı qalan Gülarə Əliyeva apelyasiya şikayəti verib. O, barəsində olan məhkəmə qərarının ləğv edilməsini istəyib.
Bakı Apelyasiya Məhkəməsi Gülarə Əliyevanın şikayətini təmin etməyib.
Fərid Həsənovun sözlərinə görə, məhkəmədə Nəcəf Nəsirli ona vurulmuş ziyanın ödənilməsi tələbi ilə çıxış edib: “Amma təqsirləndirilən şəxs dəymiş ziyanı ödəməyib. Tələb qüvvədə qalıb”.
Gülarə Əliyeva Nəcəf Nəsirliyə özünü qızıl-zinət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib.
Nəcəf Nəsirlinin etibarından sui-istifadə edib, onun külli miqdarda əmlakını ələ keçirib.
İstintaq araşdırması zamanı məlum olub ki, Gülarə Əliyeva nə fiziki şəxs, nə də hüquqi şəxs kimi vergi qeydiyyatına alınmayıb.
Ümumiyyətlə onun VÖEN-i olmayıb.
Həmçinin Gülarə Əliyeva sahibkara müxtəlif qızıl-zinət əşyalarının satışı mağazalarını özününkü kimi təqdim edib.
Araşdırmalar zamanı həmin mağazaların Gülarə Əliyevaya aidiyyətinin olmadığı üzə çıxıb.
Dələduzluqla üzləşdiyini görən Nəcəf Nəsirli Gülarə Əliyeva və onun rəhbərlik etdiyi bir qrup qadın barəsində bu ilin iyununda Bakı şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib.
İlkin araşdırma nəticəsində Gülarə Əliyeva barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə cinayət işi başlayıb.
Amma sahibkara qarşı dələduzluq edən Gülarə Əliyeva uzun müddət istintaqdan yayınıb. Bu il dekabrın 8-də Nərimanov rayon Polis İdarəsinin 18-ci bölməsinin polis əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.
Gülarə Əliyevanın barəsində olan cinayət işi üzrə istintaq hərəkətləri davam edir.