14 Dekabr 2018 13:16
1 495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvət almaqda təqsirli bilinən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 20-nə təyin edilib.

Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini Xalid Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.

O, Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almaqda təqsirli bilinir.

Xalid Məmmədov Xətai rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur.

Razim Məmmədov dekabrın 13-də Prezident İlham Əliyevin sərəncamı əsasında vəzifəsindən azad olunub.


Müəllif: Hacı Zeynalov