Bu il ərzində sərhəd pozucuları tərəfindən sərhəd naryadlarına qarşı 3 halda silahlı müqavimət göstərilib, sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunub, hadisə yerində 2 halda avtomat silah, 1 halda 2 ədəd gecəgörmə cihazı aşkar olunub.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində deyib.
Elçin Quliyev qeyd edib ki, iyun ayının 21-də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınarkən silahlı sərhəd pozucuları ilə atışmada çoxsaylı güllə yaraları almış çavuş Ramazan Kurupovun həyatı təcili tibbi müdaxilə sayəsində xilas edilib:
“Əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində 29 noyabr tarixində dövlət sərhədinin pozulmasının qarşısı alınarkən baş vermiş atışma zamanı sərhədçilər tərəfindən şəxsi şücaət nümayiş etdirilmiş, çavuş Ramazan Kurupov atəş açmış sərhəd pozucusu ayağından güllə yarası almaqla saxlanılıb”.