15 Dekabr 2018 14:16
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törətməkdə təqsirləndirilən İlqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror İlqar Əliyevin törətdiyi cinayətin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib.

O, İlqar Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra İlqar Əliyev prokurorun çıxışına etiraz edib. O, cinayət işindən xəbərsiz olduğunu bildirib.

İlqar Əliyev qeyd edib ki, bundan əvvəl 15 il həbsxana həyatı yaşayıb. O, bu qətl hadisəsini törətmədiyini bildirib: “Mən bu meyiti gördüm və polisə məlumat verdim. Meyiti özüm tapmışam, mən qətl törətsəydim, polisə getməzdim. Amma meyiti tapdığım üçün polisə getdim. 15 il həbsxana həyatı yaşamışam, əgər qətl törətsəydim, könüllü polisə müraciət edərdim?

Mən kiminsə cəzasını niyə çəkirəm? Həmin qətl hadisəsi olan gün başqa adamla, tanımadığım şəxslə mübahisə elədim. Ona da bir bıçaq vurdum, o da qaçdı. Üç ay sonra da bu işə görə məni tutdular”.

İlqar Əliyev Qarabağ döyüşlərinin iştirakçısı olduğunu deyib.

Növbəti proses dekabrın 25-də davam edəcək.

İttihama görə, İlqar Əliyev ötən il Bakıda tanış olduğu, bir müddət birlikdə yeyib-içdiyi Mirəli Seyidovu qətlə yetirib.

Spirtli içki içdikdən sonra hər iki şəxs arasında mübahisə yaranıb.

Əlbəyaxa davadan sonra İlqar Əliyev üzərində olan bıçaqla Mirəli Seyidova bir neçə bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

İstintaq orqani tərəfindən İlqar Əliyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər