17 Dekabr 2018 10:14
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Bəxtiyar Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin qardaşı Məqsəd Babayev şahid qismində ifadə verib.

Şahid qeyd edib ki, zərərçəkmiş şəxslərə vurulan ziyandan bir hissəsi ödənilib. Onun sözlərinə görə, qardaşının əməllərindən xəbərsiz olub.

Məqsəd Babayev pulun iş qurmaq adı ilə alındığını deyib: “Zərərçəkmiş Valehə vurulan ziyandan 30 min manat Bəxtiyar tərəfindən ödənildi. Bu işdə biz də ona kömək etmişik, qardaşıma da demişəm ki, adamların pulunu qaytarmaq lazımdır”.

Sonra zərərçəkmiş Valeh Əliyevin nümayəndəsi vəsatət verib. O, təqsirləndirilən şəxsin əmlaklarının üzərinə həbs qoyulmasını və əmlakların dəyən zərərin ödənilməsi üçün müsadirə edilməsini istəyib.

Hakim vəsatəti təmin edib və müşavirə otağında buna qiymət veriləcəyini deyib.

Növbəti proses dekabrın 18-də davam edəcək.

İttihama görə, Bəxtiyar Babayev Valeh Əliyev, Natiq Yusubov və Rabil Nağıyevin etibarından sui-istifadə edərək onların ümumilikdə 400 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

O, həmin şəxslərə iş qurmaq adı ilə vədlər verib.

Lakin sonda Bəxtiyar Babayev vədinə əməl etməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər