Bakıda quldurluqda təqsirləndirilən 2000-ci il təvəllüdlü Cavid Əhmədovun məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
O, Cavid Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses dekabrın 27-də davam edəcək.
İttihama görə, Cavid Əhmədov sərxoş vəziyyətdə Qaradağ rayonu, Ələt qəsəbəsində yaşayan Nicat Əhmədovun evinə girib. O, evdə yataq otağında yatan Nicat Əhmədovun arvadı Elnarə Əhmədovanı xəncərlə hədələyib.Daha sonra qadından 150 manat pul istəyib. Səsə oyanan Nicat Əhmədov onu zərərsizləşdirib və polisə təhvil verib.
Cavid Əhmədov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunur.
Məhkəmədə ifadə verən Cavid Əhmədov elan olunmuş ittihamla özünü təqsirli bilib.
O bildirib ki, həmin gün qonşusunun ad günündə iştirak edib və orada çoxlu miqdarda spirtli içki qəbul edib: "Anam ilə tək qalırdım, həmin gün bekarçılıqdan ürəyim sıxılırdı, çox darıxırdım. Evdən suvenir xəncəri götürüb həmin evə getdim. Elə bilirdim ki, orada heç kim yaşamır. "Setka"nı cırıb pəncərədən içəri girdim. Qadının yatdığını gördüm və onu oyadıb 150 manat pul istədim. Mənə elə o qədər pul lazım idi. Amma vermədi, qışqırdı. Əri yanında yatmışdı. Bu zaman əri oyandı, xəncəri özüm ona təhvil verdim. Mənim əl-qolumu bağladı, sonra qonşular yığışdı. Polis çağırıb məni onlara təhvil verdilər".