18 Dekabr 2018 13:20
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilən Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında zabit nəzarətçisi, baş leytenant Lətif Zeynalov və nəzarətçi gizir Zaur Qasımlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Hər iki şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2018-ci il yanvarın 26-da Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Beynəlxalq Hava Limanında ölkəyə gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul alan şəxslər ifşa edilib.

Dövlət sərhəd nəzarəti prosedurlarında heç bir rüsum ödənilmədiyi halda, ölkəyə daxil olan xarici ölkə vətəndaşlarından əsassız olaraq müxtəlif məbləğlərdə pul almış Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında zabit nəzarətçisi, baş leytenant Lətif Zeynalov və nəzarətçi gizir Zaur Qasımlının qanunsuz əməlləri ifşa edilərək cinayət başında saxlanılıb.

Adları çəkilən şəxslərdən ayrı-ayrı ölkələrə məxsus müxtəlif məbləğlərdə xarici valyuta əskinasları aşkar edilərək götürülüb, xarici vətəndaşlar həmin şəxslərin qanunsuz əməlləri barədə ətraflı məlumatlar veriblər.

İşdə əcnəbi ölkə vətəndaşları - Ali Hasan Rashed Jumah Binnasr, Al Ghaffari Yaqoub Mohd, Alhosani Mohamed Hassan Ali İbrahim, Alfalasi Omar Abdulla Bakhit Mohammad, Al Qahtani Mubarak Abdulla, Chan der Sheikhar zərərçəkmiş şəxs qismində tanınıblar.

İstintaq orqanı tərəfindən Lətif Zeynalov və Zaur Qasımlının barəsində Cinayət Məcəlləsinin 341.2.1-ci (bir qrup şəxs tərəfindən h akimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddəsi ilə ittiham elan edilib.

Bu işdə adı keçən və DTX-nın əməliyyatı zamanı həbs edilən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Elton Xəlilli və nazirliyin digər əməkdaşı Anar Quliyevin cinayət işi ayrıca icraata götürülüb və araşdırılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov