18 Dekabr 2018 15:56
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda iş adamını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə qətlə yetirilən İlqar Məmmədovun həyat yoldaşı vəsatətlə çıxış edib.

Mərhumun hüquqi varisi işin istintaqa qaytarılmasını, təqsirləndirilən şəxslərin cəzasının ağırlaşdırılmasını, bu işdə ayrı şəxslərin əlinin olub- olmamasının araşdırılmasını istəyib.

Hüquqi varis həmçinin qeyd edib ki, onlara dəymiş zərər 1 milyon dollardır.

Məhkəmə vəsatəti təmin edib.

İş yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılıb.

Qeyd edək ki, məhkəmə iclası yekunlaşmaq mərhələsində idi. Artıq prokuror da təqsirləndirilən şəxslərə cəza istəmişdi. O, Qalib Kərimovun ömürlük, Vüsal Rüstəmov və Firudin Axverdiyevun hər birinin 20 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

İttihama görə, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradıb və Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girib, onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar.

Bundan başqa, dəstə üzvləri əvvəlcədən hazırladıqları plan üzrə İlqar Məmmədovun topdansatış mərkəzinə daxil olublar. Orada İlqar Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızıl-zinət əşyaları götürüblər.

Qətlə yetirilən İlqar Məmmədov Xaçmazda ticarət mallarının topdan satışı ilə məşğul olan biznesmen kimi tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər