"AMAY”ın rəhbəri Abdulla Abdullayevin iranlı şəriki Nizami Bayramova yeni ittihamlar elan edilib.
Teleqraf.com-un məlumatına görə, Nizami Bayramovun barəsində Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 213.1-ci (xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə ittiham elan edilib.
Bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını Nizami Bayramovun həbs müddətinin artırılması barədə təqdimatına baxılıb.
Hakim təqdimatı təmin edib və Nizami Bayramovun barəsində olan həbs müddəti daha 2 ay ərzində artırılıb.
Qeyd edək ki, Nizami Bayramovun barəsində olan cinayət işi üzrəun istintaqı Baş prokuror yanında korrupsiyaya qarşı baş mübarizə idarəsində aparılır.
Nizami Bayramov bu ilin noyabrın 1-də Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Yardımlı rayonu ərazisində Azərbaycan dövlətinin sərhədini pozarkən saxlanılıb.
Nizami Bayramov “AMAY” MMC tərəfindən İranda təsis edilən “Azər Caspian İran” şirkətinə məxsus müəssisələrə rəhbərlik edir.
Onun barəsində bir müddət əvvəl Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə təqsirli bilinib və barəsində məhkəmə qərarı ilə axtarış elan edilib.