Xırdalanda baş verən səs-küylü silahlı insident törətməkdə təqsirli bilinən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar, Məhəmməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Xəyal Paşayev 19 il, Kənan Həsənov 18 il, Bilal Bayramov 18 il, Allahverdi Ruszpeykar 13 il, Məhəmməd Əhmədov isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, hadisə 2017-ci il martın 31-də Xırdalan şəhərində çay evlərindən birinin qarşısında baş verib.
Xırdalan şəhərində 1970-ci il təvəllüdlü Valeh Nəcəfov və 1985-ci il təvəllüdlü Qəbələ sakini Xəyal Paşayev güllələnib. Hər iki yaralı xəstəxanaya gətirilib. Valeh Paşayev orada ölüb.
Məlum olub ki, ölən və yaralanan şəxs pul borcu üstündə mübahisə ediblər. Onlar bir-birlərinə atəş açıblar. Daha sonra Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədovun barəsində cinayət işi başlanıb.
İstintaq sənədlərinə görə, dəstə üzvlərindən Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov xuliqanlıqda ittiham ediliblər.
Xəyal Paşayev isə qəsdən adam öldürməkdə təqsirli bilinib.