19 Dekabr 2018 10:52
1 940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəydə sevgilisinin tanışını bıçaqlamaqda təqsirləndirilən Ulduz Musayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan prosesdə müdafiə tərəfinin vəsatəti əsasında Ulduz Musayevanın cinayət işi yenidən araşdırılması üçün prokurorluğa qaytarılıb.

İttihama görə, Gədəbəy rayonun mərkəzində Arıqdam kənd sakini, 30 yaşlı Ulduz Musayeva mübahisə zəminində Çalburun kəndindən olan 25 yaşlı Sahib Rüstəmovu bıçaqlayıb.

Əvvəlcə Gədəbəy rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilən gənc daha sonra Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Yaralıya qarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yara diaqnozu qoyulub. Onun həyatını xilas etmək mümkün olub.

Mübahisə zamanı Ulduz Musayeva da ayağından xəsarət alıb.

İttiham aktına görə, Ulduz Musayeva hadisəyə səbəb kimi qeyri-rəsmi nigahda olduğu Kamil adlı şəxsin onu atmasını göstərib. O, sevdiyi şəxsin bu addımını qəbul etməyib və onu öldürmək qərarına gəlib. Küçədə mübahisə edən tərəfləri sakitləşdirmək istəyi isə Sahib Rüstəmovun bıçaqlanması ilə nəticilənib.

Ulduz Musayeva ilkin ifadəsində bildirib ki, Kamillə mübahisə zaman onun tanışı Sahib Rüstəmov onların arasına girib. Bu zaman bıçaq Sahib Rüstəmova dəyib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Kamil daha onunla sevgi münasibəti saxlamaq istəmədiyini deyib: “Bildirdi ki, səninlə qurtardım. Mən də arxasınca gəldim. Zəng edəndə dedi ki, restorandayam. Mənə acıq verdi, qayıtdı ki, yanımda kimlər var, nə bilim elə-belə... Mən də gəldim, orada onunla çəkişdim. Kamil bıçağı əlimdən almaq istədi. Qollarını, əlini dişlədim ki, buraxsın, onu vurum. Ona kimi Sahib araya girdi, bıçaq ona dəydi”.

İstintaq orqanı tərəfindən Ulduz Musayevanın barəsində Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər