20 Dekabr 2018 11:07
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda dəhşətli qəza törədən 1994-cu il təvəllüdlü Günel Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Günel Allahverdiyeva özünü qismən təqsirli bilib.

İttihama görə, bu il iyulun 30-da, axşam saatlarında Bakı-Qazax magistralının Göygöl rayonunun Quşqara kənd ərazisindən keçən hissəsində Şəmkir rayonunun Çinarlı kənd sakini, 1984-cu il təvəllüdlü Elşən Nəbiyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillə Gədəbəy rayonunun Miskinli kənd sakini Günel Allahverdiyevanın idarə etdiyi “Mercedes-190” markalı avtomobil toqquşub.

Nəticədə, "VAZ-21011"-də olan sərnişin, sürücünün həyat yoldaşı, Şəmkir rayonunun Çinarlı kənd sakini, 1987-ci il təvəllüdlü Ülviyyə Nəbiyeva aldığı müxtəlif bədən xəsarətlərindən hadisə yerində ölüb.

Qəza nəticəsində xəsarət alanlar, Çinarlı kənd sakini Elşən Nəbiyev, 2006-cı il təvəllüdlü Elnurə Nəbiyeva, 2008-ci il təvəllüdlü, Arifə Nəbiyeva, onun bacısı 2008-ci il təvəllüdlü Ayşən Nəbiyeva, onun qardaşı 2011-ci il təvəllüdlü Ağa Nəbiyev, 2007-ci il təvəllüdlü Vüsal Nəbiyev və Elçin adlı şəxslə "Mercedes" markalı avtomobilin sürücüsü, Günel Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Onlara vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.

İstintaq araşdırması zamanı dəhşətli qəzanın günahkarı Günel Allahverdiyeva olduğu aydınlaşıb. Onun sürət həddini aşması qəzaya səbəb olub.

İstintaq orqanı tərəfindən Günel Allahverdiyevanın barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər