Ucar rayonunda əmisi qızı Gülnar Həşimovanı xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən 26 yaşlı İlkin Çiqqarovun barəsində həbs qətimkan tədbiri seçilib.
Teleqraf.com xəbər verir ki, qərar Ucar rayon Məhkəməsində hakim Hilal Xəlilovun sədrliyi ilə baş tutan prosesdə qəbul edilib.
İlkin Çiqqarov ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisəni törədən zaman sərxoş olub, qətldən əvvəl Gülnar Həşimovaya təcavüz edib və sonra ona 22 bıçaq zərbəsi vuraraq öldürüb.
Yayılan məlumata görə, İlkin Çiqqarov qətlə yetirdiyi əmisi qızının başqa-başqa kişilərlə pul müqabilində görüşünü təşkil edib.
Onların arasında mübahisənin pul üstündə yarandığı iddia olunur.
Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq hərəkətləri davam edir.
***
11:20
Ucar rayonunda 11 gün əvvəl baş verən qətlin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Ucar rayon polis şöbəsinə dekabrın 9-da 31 yaşlı Gülnar Həşimovanın yaşadığı Qaradağlı kəndindəki evdən çıxaraq itkin düşməsi barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar polis əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayaıblar.
Dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb.
Ekspertiza rəyinə görə, Gülnar Həsimovanın boyun-boğaz və sol qolunda bıçaqla yetirilmiş ağır xəsarətlər aşkar olunub.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Qaradağlı kənd sakini İlkin Çıqqarov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.