Qəbələ rayonunda qətl törətməkdə ittiham olunan Vüsal Rəfiyev və Vüsalə Məmmədşərifovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli biliblər.
İttihama görə, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon polis şöbəsi və prokurorluğu əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri aparılıb.
Müəyyən edilib ki, bu il martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib. Vüsalə ərinin qardaşı Vüsalla birgə daşla baş nahiyəsinə vuraraq, onu qətlə yetiriblər.
Daha sonra onlar Dursunun cəsədini həyətdəki sanitar qovşağına atıblar.
Əməliyyat tədbirləri ilə Dursun Rəfiyevin meyiti oradan çıxarılıb.
Vüsalə Məmmədşərifova və Vüsal Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
İstintaq müəyyən edib ki, Rəfiyevlər ailəsi 2015-ci ildən münaqişəli ailə kimi polis bölməsində qeydiyyatda olublar. Qəbələ rayon sakini Vüsalə Məmmədşərifova ilə Dursun Rəfiyev arasında tez-tez müxtəlif səbəblərdən söz-söhbət olub. Sonuncu dəfə də onların arasında mübahisə ailə münaqişəsi zəminində baş verib.
Dursun Rəfiyevin axtarışları ilkin olaraq Mingəçevirdə aparılıb. Belə ki, martın 25-də naməlum şəraitdə yoxa çıxan Dursun Rəfiyevin xanımı Vüsalə Məmmədşərifova ailə üzvlərinə onun işləmək üçün Mingəçevirə getdiyini deyib.
Bu səbəbdən bir neçə gün sakitlik olub. Lakin Dursunla əlaqə saxlaya bilməyən atası narahat olmağa başlayıb və polisə onun itkin düşməsi ilə bağlı müraciət edib.
Hüquq-mühafizə orqanları müəmmalı itkindüşmə ilə bağlı dərhal araşdırmalara başlayıb və özünü şübhəli aparan Vüsalə nəzarətə götürülüb.
Çox keçmədən Vüsalənin qaynı, 4 uşaq atası Vüsalla birgə həyat yoldaşını öldürdüyü məlum olub.
Xatırladaq ki, ailənin 2 azyaşlı (qız, oğlan) övladı var.