Bakıda qətl törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Amin Kazımov, xuliqanlıqdan ittiham olunan Ozal Həsənov və İnsan Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Amin Kazımov 18 il, digər şəxslər isə 1 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, bu il martın 4-də Amin Kazımov paytaxtın Nizami rayonu Qara Qarayev prospektində kirayə qaldığı evin qarşısında avtomobilin yuyulması üstündə 52 yaşlı Yaşar Məmmədovu qətlə yetirib.
Cinayəti törədən Amin Kazımov hadisədən sonra yaşadığı Ağcabədi rayonuna qaçıb. 25-ci polis bölməsinin əməkdaşları həmin şəxsi elə öz rayonlarında saxlayıb.
Qeyd edək ki, Amin Kazımov Yaşar Məmmədovu əvvəlcə döyüb, daha sonra üzərində olan bıçaqla ona 7 zərbə vuraraq qətlə yetirib. Çoxlu qan itirən yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Həmin hadisə ərazidəki təhlükəsizlik kamerasına da düşüb.
Hadisədən əvvəl qeyd edilən ünvanın qarşısında gözətçi işləyən Yaşar Məmmədov Amin Kazımova məhəllədə avtomobil yumasını irad tutub. Bu zaman tərəflər mübahisə edib.
Amin Kazımov ifadəsində bildirib ki, Yaşar Məmmədov onu söyüb. Hadisə də məhz həmin söyüş üstündə baş verib.
Amin Kazımovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 221.2.2 və 221.2.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.
Daha sonra hadisənin digər iştirakçıları Ozal Həsənov və İnsan Həsənov da müəyyən olunub. Hər iki şəxsə xuliqanlıq ittihamı verilib.