Rüşvət almaqda təqsirli bilinən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili məhkəmə zalında əyləşən jurnalistlərə etiraz edib.
Vəkil jurnalistlərin məhkəmə zalından çıxarılmasını istəyib.
O, bunu hüquqlarını müdafiə etdiyi şəxsin istəyi olduğunu deyib.
Hakim isə bildirib ki, açıq məhkəmə iclasında hər kəs iştirak edə bilər.
Daha sonra prokuror ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə Xalid Məmmədov özünü təqsirli bilmədiyini söyləyib.
Növbəti proses dekabrın 24-də davam edəcək.
Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini Xalid Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.
O, Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almaqda təqsirli bilinir.
Xalid Məmmədov Xətai rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur.
Razim Məmmədov dekabrın 13-də Prezident İlham Əliyevin sərəncamı əsasında vəzifəsindən azad olunub.