Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda saxta xarici valyutanı dövriyyəyə buraxmaqla ölkənin maliyyə sisteminə təhlükə yaratmağa çalışan şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
Teleqraf.com xəbər verir ki, baş idarəyə ölkədə fəaliyyət göstərən banklardan birindən Fərhad və Asəf adlı şəxslərin saxta 17000 avronu 32606 manata mübadilə etmələri barədə məlumat daxil olub.
Təqdim edilən 500 avroluq əskinaslardan ibarət pulların saxta olması müəyyən ediləndən sonra həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Asəf Novruzov və Lənkəran şəhər sakini Fərhad Həsənzadə saxlanılıblar.
Baxış zamanı saxlanılan şəxslərin paytaxt ərazisində yerləşən ofislərindən əlavə olaraq saxta 25000 avro məbləğində pul əskinasları və digər maddi sübutlar aşkar edilərək götürülüb.
İlkin ifadələrində həmin şəxslər saxta əskinasları paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət valyuta mübadilə mərkəzlərində satmaq məqsədi ilə Türkiyə Respublikasından ölkəyə gətirdiklərini bildiriblər.
Ekspertizaya təqdim edilən ümumilikdə aşkar edilən 42000 saxta avro yoxlanılan zaman müəyyən edilib ki, həmin pulların həqiqi əskinaslardan fərqlənməməsi üçün müdafiə nişanları və eskizləri xüsusi üsulla hazırlanıb.
Bu səbəbdən ilk baxışdan həmin pulların saxta olmasını müəyyən etmək mümkün deyil.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 204.2-ci (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
F.Həsənzadə və A. Novruzov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.