Ələt-Astara yolunun Qaradağ rayonu hissəsində 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Elturan Fərəcovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Elturan Fərəcovun cəzası 7 il 6 aya endirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elturan Fərəcov 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2017-ci il iyulun 13-də gecə saatlarında baş verib. Rusiyaya gedən “Mercedes” markalı mikroavtobus “Kamaz” markalı qoşqulu yük maşınına çırpılıb.
Qəza nəticəsində “Mercedes”in sərnişinləri - 1993-cü il təvəllüdlü Tuhid Əliyev, 1982-ci il təvəllüdlü Şahid Qəhrəmanov, 1947-ci il təvəllüdlü Ramiz Xudaverdiyev və 1951-ci il təvəllüdlü Azad Abdullayev vəfat ediblər. Qəza zamanı daha iki nəfər yaralanıb.
Hadisə nəticəsində vəfat edənlər Astara rayonunun Səncərədi kənd sakinləridir. Onlar Dağıstana işləməyə gedirmiş.
Qəzada yalnız “Kamaz”ın sürücüsü ilə mikroavtobusun sürücüsü, Astara rayonun Səncərədi kənd sakini Elturan Fərəcov xəsarət almayıb.
Elturan Fərəcov həmkəndlilərini pul müqabilində Xasavyurt şəhərinə çatdırmalı imiş.
İstintaq araşdırması zamanı qəzanın törədilməsində Elturan Fərəcov təqsirli bilinib. Ona qarşı Cinayət Məcəlləsinin 263.3-cü (iki və ya daha çox şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti qaydasını pozmaq) maddəsi ilə ittiham elan edilib.