Bakıda dələduzluqda təqsirləndirilən Məsud Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Məhkəmədə Məsud Əhmədovun barəsində olan cinayət işi üzrə ittiham sübuta yetirilməyib. Ona bəraət hökmü verilib.
Məsud Əhmədov məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, podoratçi şirkətin rəhbəri olan Məsud Əhmədov 3 nəfərə şəxsə qarşı ümumilikdə 1 milyon 319 min 232 ABŞ dolları məbləğində dələduzluq edib.
Belə ki, o, zərərçəkmiş Faiq Cəfərovun 255 min 600 dollar, Cəfər Cəfərzadənin 43 min manat və “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin həbsdə olan sədri Cahangir Alışovun isə 1 milyon 35 min 597 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Məhkəmə istintaqı dövründə Məsud Əhmədov özünü təqsirli bilməyib.
Xatırladaq ki, Cahangir Alışov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Cahangir Alışovun zərərçəkmiş kimi tanınmasına xitam verilib.
Cahangir Alışovun oğlu Samir Alışov və şirkətin əməkdaşı Elçin Əsədov da bir mənzili təkrarən sataraq dələduzluq etməkdə təqsirli bilinirlər.
Hər iki şəxsin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.