Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimov barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Ehtiram Əhmədov ifadə verib.
O, Sahib İbrahimovu əvvəllər tanımadığını bildirib: “Mən evi Eldəniz Cəfərovdan almışam, onun həmin binada iki mənzili var idi. Sənədləşmə işlərini isə Məzahir Cəfərovla etdik, müqaviləni ondan aldım. Özüm 4 ildir həmin mənzildə yaşayıram, bu günə kimi gəlib deyən olmayıb ki, ev başqasına satılıb. Mənə heç bir ziyan dəyməyib”.
Digər zərərçəkmiş Mübariz Əhmədov isə mənzil almaq üçün pulu məhz Sahib İbrahimovun özünə verdiyini deyib: “Mən qardaşımla Xətai rayonunda tikilən binadan ev almaq üçün ofisə getdim. Orada oturan qızlar məni Sahib İbrahimova yönləndirdilər. O dedi ki, şirkət və bina onundur. Boş mənzillərə baxdıq, birini seçdim. Qiyməti 96 400 dollar idi. Bu qədər pulumun olmadığını dedim,
Sahib İbrahimov yarısını ödəyib qalanı hissə-hissə verə biləcəyimi dedi. Növbəti gün ofisdə Sahibə 48 min 200 dollar ödədim. Sonra da aybaay ödəməklə, ümumi 20 min verdim”.
Zərərçəkmişin ifadəsinə görə, 2017-ci ildə komendant ona zəng edib və deyib ki, sənin burada mənzilin yoxdur: “Mən də Sahibin yanına getdim, dedi, mən sənə bir dəfə mənzil vermişəm, get evinə sahib çıx. Orda başqa nəsə qaranlıq söhnətlər var idi. Bir bina sökülmüşdü, ordan adamları başqa binaya köçürmüşdülər. Hamı “Sahil-D kompani”dən tələb edirdi, mən də ora getdim, dedilər buranın sahibi İlham tutulub, hələ 15 il də yatacaq”.
Zərərçəkmiş bildirib ki, prokurorluğa şikayət edəndən sonra Sahib İbrahimov ona başqa yerdən mənzil verib.
Növbəti proses yanvarın 9-da davam edəcək.
İttihama görə, cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə zərərçəkmişlərə 2 milyon manat ziyan dəyib.
Sahib İbrahimovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.
Sahib İbrahimov rəhbərlik etdiyi tikinti şirkətinə müraciət edən vətəndaşların pulunu ələ keçirməkdə ittiham olunur.
İstintaq dövründə Sahib İbrahimov tərəfindən zərərçəkmişlərə dəymiş ziyanı ödənilib.
Bu səbəbdən onun barəsində həbs qətimkan tədbiri seçilməyib.