Bakının Nərimanov rayonunda tələbəni qətlə yetirməkdə təqsirli bilinən Ağstafa rayonu Dağ Kəsəmən sakini, 2000-ci il təvəllüdlü Rauf Murğuzovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanını təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanını təqdimatın təmin olunub.
Rauf Murğuzovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, dekabrın 23-də Nərimanov rayonun Atatürk prospektində Ağstafanın Dağ Kəsəmən sakinləri, 2000-ci il təvəllüdlü Rauf Murğuzov həmkəndlisi, 2000-ci il təvəllüdlü Elman Xəlilovla mübahisə edib.
Mübahisə davaya çevrilib və Rauf Murğuzov Elman Xəlilovu bıçaqlayaraq qətlə yetirib.
Öldürülən Elman Xəlilov Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinin II kurs tələbəsi olub. Rauf Murğuzov isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alırdı.
Məlum olub ki, həmkəndlilər arasında mübahisə qız üstündə yaranıb. Öldürülən Elman Xəlilov 4 bacının tək qardaşı olub. Həmçinin qətli törədən şəxslə uşaqlıq dostu olublar.
Istintaq orqanı tərəfindən Rauf Murğuzovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nərimanov rayon Prokurorluğunda istintaq aparılır.